Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusu 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azat etdi. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Mahmudlu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli bayrağı sancılıb.2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl Şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədində dövlət nəzarəti bərpa olunub.Qeyd edək ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963 -cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964 -cü ildə yenidən yaradılıb.Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi.Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu — IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb.Dövlətimizin böyük qayğısı və diqqəti, insanlarımızın qurub-yaratmaq eşqi tezliklə Qarabağın bu dilbər güşəsini də gözəlliklər diyarına çevirəcəkdir.Seymur İsgəndərov,Xocalı rayon gənci